Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2025-ci il

2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla və uğurla davam etdirərək Respublikamızın böyük uğurlara  imza atmasına nail olmuşdur. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirmiş, milli maraqlarını qətiyyətlə təmin etmişdir. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli ruhunu, özünəinamını nümayiş etdirmişdir. Zəfərdən sonra başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyət daşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı Cənab Prezidentin prinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmiş siyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuz rayonuna göstərdiyiniz diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir.

Böyük iftixar hissi ilə bildirmək istərdim ki, Qaraməryəm–İsmayıllı–Şəki magistralının Oğuz rayonunun Calut, Mollalı, Yemişənlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı oğuzlulara olan qayğısının və diqqətinin bir bariz nümunəsidir. Bu layihə çərçivəsində 17 kilometr olan avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir və  əsas məqsəd sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.

                              Sosial- iqtisadi sahə üzrə göstəricilər

Oğuz rayonunun əhalisinin sayı 44804 nəfərdir. Əhalinin orta aylıq əmək haqqı 651,0 manat təşkil etmiş, rayon üzrə 388 yeni iş yeri açılmışdır. 2025-ci ildə yerli gəlirlər 3 571 237 manata qarşı  3 910 562 manat təşkil etmişdir.  Xərclər 3 357 871 manata qarşı  3 007 438 manat olmuşdur. Son üç ildə  xərclər tam şəkildə yerli gəlirlər hesabına dotasiya olmadan maliyyələşdirilmişdir.

2025-ci ildə rayonda ümumi məhsul buraxılışı 125 milyon manat olmuşdur. Məhsul və xidmətlərin 74 faizi istehsal, 26 faizi xidmət sahələrinin payına düşmüşdür.

İnvestisiya qoyuluşu 24,1 milyon manat olmuş, bunun 98 faizi tikinti-quraşdırma   işlərinə  sərf edilmişdir. Nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və ödənişli xidmətlərdə artım müşahidə olunmuşdur.

İqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 54 % olmuşdur. Hesabat dövründə rayonda 66,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsulunun 33 faizi heyvandarlıq, 67 faizini bitkiçilik məhsullarının payına düşür. Sahələrdən 61386 ton taxıl toplanmışdır. Qeyd edilən statistik göstəricilər üzrə ötən illə müqayisədə artım müşahidə olunmuşdur.

2025-ci ildə "CPC" MMC- də iş  prosesinin tələblərinə uyğun olaraq işçi sayı artmış, bununla şirkətin fəaliyyəti fasiləsiz rejimdə və  tam gücüylə davam etdirilir. Əvvəlki dövrlərlə müqaisədə şirkət üzrə işçi heyyətinin sayında  artım qeydə alınmışdır. İnkişaf gücünün artırılması nəticəsində Oğuz və ətraf rayonlarda Kənd təsərrüfatının genişlənməsinə və dayanıqlı inkişafına töhfə vermişdir. 2026-cı il üçün istehsal həcminin əvvəlki dövr göstəricilərinə nisbətən 2 dəfə artırılması planlaşdırılmışdır.

Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Şəki-Oğuz” Aqroparkında bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınmış, taxıl bitkiləri əkilir. Aqroparkların istifadəyə verilməsi çoxlu sayda yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluq probleminin həllinə və  sosial həyat şəraitinin daha da yaxşılaşdırılmasına real zəmin yaradır.

2025-ci ildə Aqroparka məxsus  qoz emalı zavodu növnəti faza fəaliyyətə başlamışdır. Hazırda həmin müəssisədə qozun qabıqdan təmizlənməsi və qurudulması işləri həyata keçirilir.

Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib.

16 sentyabr 2025-ci il tarixində mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub. Toxum sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara əlçatanlığını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və bu sahədə dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.

            13 mart 2025 -ci il  tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuzda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans təşkil olunub. Konfransda müvafiq dövlət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.

09 oktyabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin ev sahibliyi və “Caspian Energy Club”-un təşkilatçılığı ilə “Milli Biznesin İnkişafı Forumu” keçirilmiş, forumun əsas məqsədi rayonun sosial-iqtisadi potensialının klub üzvü olan sahibkarlara tanıdılması və bu vasitə ilə rayona investisiya cəlbinin təşviqi olmuşdur.

Oğuz rayonunda su təchizatı və meliorasiya xidmətləri əhalinin sosial rifahı və infrastrukturun  davamlı inkişafı üçün əsas sahələrdəndir. 2025-ci ildə 6962 əhali abonenti və 360 qeyri-əhali abonenti içməli  su ilə,  36859 hektar sahə suvarma suyu ilə təmin edilmişdir.  Kanallarda  təmir-bərpa, çay yataqlarında təmizlənmə işləri aparılmış, nasos stansiyaları və subartezian quyularında əsaslı yenilənmələr görülmüşdür.

2025-ci il ərzində 45- əhali, 1 qeyri- əhali  içməli su üzrə abonent artımı olmuşdur.

Rayonda qaz təchizatı işləri davam etdirilmişdir. Hazırda 34 yaşayış məntəqəsindən 26-sı təbii qazla təmin olunub. Bu göstərici yaşayış məntəqələri üzrə qazlaşma səviyyəsinin 76,5 faiz, rayonun ümumi əhalisi üzrə isə 89,5 faiz təşkil etdiyini göstərir. Ümumilikdə Oğuz rayonunda 39975 nəfər əhali təbii qazla tam təmin edilmişdir. Hesabat dövründə 8 fərdi ev qazlaşdırılmışdır.  Mollalı kəndində təbii qaz xəttinin çəkilişi işləri yekunlaşmaq üzrədir. Qeyd edək ki, «2026-2030-cu illərdə Azərbaycan Respublikası regionlarında qazlaşdırılma planı»nda Oğuz rayonunun Baş Daşağıl, Xalxal, Xalxalqışlaq, Ərmənət və Filfili kəndlərinin təbii qazla təmin edilməsi nəzərədə tutulmuşdur.

Elektrik şəbəkəsinin inkişafı və abonentlərin fasiləsiz enerji ilə təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Hesabat dövrü ərzində rayonda elektrik təchizatının gücləndirilməsi məqsədilə 3 ədəd yeni transformator quraşdırılmış, cari ildə 2 ədəd yeni transformatorun sifarişi verilmişdir. Qeyd edək ki, rayonun 16 yaşayış məntəqəsi tam SİP kabelləşmiş, 3 kənd qismən, 14 kənd kabelləşməmişdir. 2025- ci ildə başlanmış, hazırda Baş Daşağıl kəndində SİP kabelləşmə işləri aparılır, Kərimli kəndinin bu istiqamətdə layihələndirmə işləri başa çatdırlmışdır.

Telefon  və internet xidmətlərinin inkişafı da diqqət mərkəzində saxlanılmışdır. köhnə stansiyalar ləğv edilərək müasir optik xətt stansiyaları quraşdırılmış, şəbəkənin dayanıqlığı artırılmışdır. Oğuz rayonu ərazisində “GPON”  şəbəkəsinin magistral və paylayıcı şəbəkənin tikintisi tam yekunlaşmış, rayon üzrə ümumi istifadəçi sayı 9025 ədədə çatmışdır.

Ötən dövr ərzində rayonun yaşıllaşdırma və ümumyaşayış binalarının saxlanması sahəsində müəyyən işlər görülmüşdür.  20 ha yaşıllıq  sahəsinə qulluq  göstərilmiş, işıq nöqtələri, ağac və gül  kolları baxımdan keçirilmişdir. Mənzil İstismar sahəsi 32 bina, 390 mənzil və 2212 sakin üçün xidmət göstərmiş, cari təmir, dezinfeksiya və yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilmişdir. Hesabat ilində alınmış 1000 ədəd iynəyarpaqlı ağac şəhərin küçə və parklarına əkilmiş bütün yaşıllıq zolaqlarına mineral gübrə verilmişdir. Xidmət göstərilən bir bina  mərkəzləşdirilmiş istilik sistemi, digər  binalar təbii qazla təmin olunmuşdur.

Ötən il ərzində 119 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Rayon üzrə uçotda olan 5082 nəfər əmək pensiyaçısına , 4224 nəfər əlilliyi olan şəxsə dövlət tərəfindən pensiya və müavinətlə  təmin olunur. 5 və daha çox uşağı olan 7 ana çoxuşaqlı ailə kimi müavinətlə əhatə edilmişdir. I və II Qarabağ müharibələrinin 748 nəfər veteranı təqaüdlə təmin olunmuş, 104 nəfər şəhid ailəsi üzvünə də dövlət təqaüdü təyin edilmişdir.  4  nəfər  ahıl şəxsə  evdə (səyyar) sosial- məişət  xidməti göstərilmişdir.

 

Turizm

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Turizm Bürosu və Rayon İcra Hakimiyyəti ilə birgə Oğuzun Turizm İnkişaf Konsepsiyası hazırlanmışdır. 20 avqust 2025-ci il tarixdə Şəki Regional Turizm İdarəsinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsepisyanın təqdimatı olmuşdur. Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə 11-12 sentyabr 2025-ci il tarixlərində Oğuz rayonunu əhatə edən yerli turizm şirkətlərinin nümayəndələri və səyahət bloqerləri üçün infotur həyata keçirilmişdir.

 

Qaçqınların və məcburi köçkünlərin işləri

Hal-hazırda rayon ərazisində 559 ailə, 2249 nəfər məcburi köçkün müvəqqəti məskunlaşdırılmışdır. Ötən dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon ərazisində müvəqqəti məskunlaşmış 96 ailə 396 nəfər öz doğma yurd-yuvalarına köçürülmüşdür.

 

Mənzil İstismarı və Kommunal Təsərrüfatı

Oğuz şəhərində kommunal təsərrüfat və məişət tullantılarının idarə olunması istiqamətində 2025-ci il ərzində 1994 sayda müqavilə bağlanmışdır. Görülmüş tədbirlər və göstərilmiş xidmətlərlərdən daxil olan vəsait ötən illə müqayisədə 20459 manat çox  toplanmışdır.

Oğuz şəhər ərazisində sahibsiz küçə itlərinin sağlamlığına nəzarət mexanizminin yaradılması məqsədilə şəhər ərazisində sahəsi 2400 kvm olan sığınacağ inşa edilmişdir. Yaxın zamanda şəhər ərazisində sahibsiz itlərin toplanaraq sığınacağa yerləşdirilməsi planlaşdırılır.

 

İctimai-siyasi və humanitar məsələlər

Oğuz rayonu təhsil ənənələri ilə daim regionumuzda və respublika göstəriciləri sırasında qabaqcıl olmuşdur.

Oğuz rayonu üzrə 33 ümumtəhsil məktəbi fəaliyət göstərir. Həmçinin 18 məktəbəqədər tərbiyə müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

2025-ci il ərzində 5 tam orta ümumtəhsil məktəbində və 2  kənd körpələr evi-uşaq bağçası cari təmir, 2 kənd körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunmuşdur.

Rayon üzrə ali məktəblərə sənəd verən abituriyentlərimizin say ildən-ilə artır. 2024-2025-ci tədris ilində rayonumuzdan 250-dən çox abituriyent ali məktəblərə sənəd vermiş, onlardan 190 nəfər ölkəmizin müxtəlif ali təhsil ocaqlarına qəbul olmuşdur. Qəbul olunan abituriyentlərimizdən 8 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Məktəblilərimiz respublika əhəmiyyətli müsabiqələrdə də qazandıqları nəticələr ilə fərqlənirlər. Belə ki, 2024-2025-ci tədris ilində Respublika Fənn Olimpiadalarının final mərhələsində çıxış edən şagirdlərimizdən 5 nəfərin qalib olması, onlardan 1-nin qızıl, 3-nün gümüş, 1-nin isə bürünc medal qazanması təhsilimizin inkişafının bariz nümunəsidir.

Rayonda il ərizndə 1 müəllim "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2 müəllim isə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Oğuz Peşə Məktəbi son illər ərzində çox mühüm yeniliklər həyata keçirilmişdir. 2025-ci ilin 15 sentyabr tarixindən Peşə  məktəbi  307 nəfər tələbə ilə tədrisə başlamış, ölkənin digər rayonlarından da 24 tələbə burada təhsil alır.

Ölkəmizdə son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət bütün sahələrdə olduğu kimi, səhiyyə sisteminin inkişafına da güclü təkan vermişdir.

Əhalinin sağlamlığının qorunması məqsədi ilə 2025 il ərzində  61690 müraciət daxil olmuşdur.  Ümumi göstərilmiş xidmətin sayı isə il ərzində  258689 olmuşdur.

Rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. 2025-ci ildə Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ödənişsiz "Göz müayinəsi" aksiyası keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən Oğuz Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası təşkil olunmuşdur.

Dövlətimizin həyata keçirdiyi gənclər siyasəti 2025-ci ildə də uğurla icra edilmiş, gənclərin inkişafı, onların dövlət quruculuğunda fəal iştirakı əsas prioritetlərdən biri olmuşdur.

Qeyd edək ki, Oğuz rayonunda 9160 gənc var. Onlardan 257 nəfəri- 132 qadın, 125 kişi olmaqla Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şəki-Zaqatala Regional  Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru tərəfindən 2025-ci il ərzində rayonda ümumilikdə 60 tədbir keçirilib və bu tədbirlərdə 5992 gəncin iştirakı təmin olunub.

2025-ci ildə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə  regional voleybol klublarının 16 yaşadək oğlanlardan ibarət komandaları arasında keçirilən voleybol turnirində rayonumuzun komandası birincilik əldə etmişdir. 2025-ci ildə yeniyetmələrin respublika birinciliyində Oğuz Regional Voleybol Klubunun 16 yaşadək oğlanlardan ibarət komandası çempion olmuşdur.

Oğuz Olimpiya İdman Kompleksi gənc idmançıların hazırlığında mühüm rol oynamaqdadır və gələcəkdə əsaslı təmirə ehtiyac var.        

        Sloveniyanın Nova Gorica şəhəri ilə qardaşlıq münasibətləri davam etdirilərək, birgə layihələr vasitəsilə mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində uğurlu addımlar atılmışdır, səfər zamanı əsas turizm layihələri və kənd təssərufatı sahələrində əməkdaşlığın inkişafında geniş müzakirələr aparılmışdır.

RİH-nin İş Planına uyğun olaraq keçirilmiş

maarifləndirici tədbirlər

2025-ci il ərzində Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda korrupsiyaya, narkomaniyaya, məişət zorakılığına və erkən nikahlara qarşı mübarizə sahələrində, həmçinin "İnsan Hüquqları Aylığı" çərçivəsində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 18 iyun-İnsan hüquqları günü ilə əlaqədar müxtəlif səpgidə hüquqi-maarifləndirici tədbirlər keçirilmişdir.    Əlavə olaraq, Oğuz Rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən rayonun əksər ümumtəhsil müəssisələrində zərərli informasiyalara, zərərli vərdişlərə, uşaq zorakılığına, erkən nikahlara, radikal dini cərəyanlara qoşulmağa qarşı mübarizə sahələrində və digər müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirilmişdir.

 

İctimaiyyətlə əlaqələr və sosial şəbəkə

resurslarında  görülmüş işlər

Rəsmi internet səhifəsi ilə yanaşı rəsmi sosial şəbəkə hesabları vasitəsilə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm hadisələr, keçirilən tədbirlər, dövlət proqramlarının icrası, əlamətdar günlər və əhali üçün əhəmiyyət kəsb edən digər məlumatlar operativ və şəffaf şəkildə ictimaiyyətə çatdırılmış, bu istiqamətdə sosial şəbəkə hesablarında ümumilikdə 3909 paylaşım olmuşdur.

Vətəndaşlar tərəfindən verilən bütün suallar cavablandırılıb, neqativlik kəsb edən məlumat olmamışdır.

 

                     İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə ilə işlərin təşkili

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə ev təsərrüfatlarının uçotu kitablarında dürüstləşmə işi aparılmışdır. Oğuz rayonu üzrə 10711 ev təssüfatı qeydə alınmışdır və hər bi təsərrüfatın Dövlət Statistika Komitəsi Ev təsərrüfatlarının uçotu kitablarının elektron informasiya sistemində qeydiyyatı aparılmışdır.

            2025-ci ildı keçirilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki məntəqələrinə baxış keçirilmiş, seçkiqabağı  təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair təkliflər verilmiş, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların vaxtında hazırlanması nəzarətdə saxlanılmışdır.

İl ərzində Oğuz rayonu ərazisində bələdiyyələrin birləşməsi işi aparılmışdır. 15 bələdiyyə birləşdirilmiş, 5 bələdiyyə yaradılmışdır. Oğuz rayonu üzrə Bələdiyyələr tərəfindən də hesabat dövründə müsbət istiqamətdə işlər görülmüşdür. Oğuz bələdiyyəsi tərəfindən Şəhidlər xiyabanında abadlıq işləri həyata keçirilmiş.

2025-ci il ərzində Rayon İcra Hakimiyyəti və RİH-i Başçısının şəhər və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ərazidə mütəmadi olaraq təmizlik, abadlıq və iməcilik işləri görülmüşdür. Həmçinin Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində təmizlik, abadlıq işləri görülmüş, yol kənarında olan fərdi yaşayış evlərinin və hasarlarının,  obyektlərin fasad hissəsində rənglənmə işləri görülmüş, naveslərin, tövlələrin yardımçı tikililərin fasad və dam hissələrində təmir işləri aparılmışdır. Sənədsiz olaraq yol kənarlarına qoyulmuş köşklər sökülərək ərazidən uzaqlaşdırılmışdır uyğun olmayan reklam lövhələri sökülərək ərazidən götürülmüşdür. Fərdi yaşayış evlərinin, bağ sahələrinin kənarında olan, yararsız hasarlar sökülmüş, yenidən bərpa edilmişdir. Yol kənarlarında olan qurumuş ağaclar kəsilərək şəhid, qazi və imkansız ailələrə odun yanacağı kimi istifadə üçün verilmilşdir.

 

 

 

Rayonda cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması , vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məsələləri

2025-ci il ərzində Oğuz rayonunda cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması, ictimai təhlikəsizliyin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində rayonun hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri işlər görülmüşdür:

            Hesabat dövründə Oğuz rayonunda ümumilikdə 128 cinayət hadisəsi qeydə alınmış və cinayət işlərinin açılması 97,6 % təmin edilmişdir.

 Hesabat dövründə Rayon Polis Şöbəsi tərəfindən mülki öhdəliklərin icrasından yayındığına görə axtarışda olan 182 nəfər şəxsdən 174-nün tutularaq aidiyyəti üzrə təhvil verilməsi təmin edilmiş və axtarışda olan şəxlərin tutulması 95,8 % təmin etmişdir.

Hesabat dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən 236 nəfər müddətli həqiqi hərbi xidmətə göndərilmiş və 194 nəfər hərbi xidmətdən ehtiyata buraxılmışdır.

 Hesabat dövründə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsi və bölmələri tərəfindən yanğın hadisələri ilə bağlı 102 çıxış edilmiş və baş vermiş bütün yanğınlar vaxtında söndürülmüşdür.

Hesabat dövründə Oğuz rayon Notariat ofisi tərəfindən 13504 notarial əməliyyat aparılmışdır.

 Hesabat dövründə Oğuz rayon Qeydiyyat Şöbəsi və Oğuz Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən 207 doğum, 213 ölüm, 58 nikah və 75 boşanma haqqında vətəndaşlıq vəziyyəti aktları qeydiyyata alınmışdır. Qeyd edək ki, bu statistik göstəricidə rayon sakinlərinin Asan Xidmət Mərkəzlərində qeydiyyata alınmılş vətəndaşlıq vəziyyəti aktları nəzərə alınmamışdır.

             Əlavə olaraq, hesabat dövründə rayonda Oğuz Rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsi tərəfindən kibercinayətkarlığa, narkomanlığa, məişət zorakılığına, erkən nikahlara qarşı və digər mövzularda müxtəlif səpgidə hüquqi-marifləndirici tədbirlər keçirilmişdir

 

Müharibə iştirakçıları və şəhid ailələri ilə işlərin təşkili

             Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2025-ci il ərzində Oğuz rayonu üzrə 5 (beş) şəhid ailəsinə fərdi yaşayış evinin tikintisi həyata keçirilmişdir.

     Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməni rəhbər tutraraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 16 şəhidin adı rayon ərazisində küçələrə verilmiş, il ərzində 43 şəhid ailəsi evlərində ziyarət olunmuşdur.

     Oğuz Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması məqsədilə ümumilikdə 39550 (otuz doqquz min beş yüz əlli) AZN məbləğində maddi yardımlar göstərilmişdir.

      7 mart 2025-ci il tarixində Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 75 şəhid anası və şəhidlərin həyat yoldaşına təbrik təşəkkürnamələri təqdim edilmişdir.

      27 sentyabr 2025-ci il – Anım Günü ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə  şəhid ailələri üçün ehsan süfrəsi təşkil olunmuşdur. Həmçinin Anım Günü və Zəfər Günü münasibətilə Oğuz Rayon İcra Hakiyyətinin əməkdaşları tərəfindən rayon üzrə bütün şəhid məzarları ziyarət edilmiş, məzarlar üzərinə gül dəstələri qoyulmuş və şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

      6 noyabr 2025-ci il tarixində Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhid ailələri üçün zəfərimizin beşinci ildönümü münasibətilə işğaldan azad edilmiş Ağdam, Xankəndi və Şuşa şəhərlərinə Zəfər Turu təşkil edilmişdir. Bu təşəbbüs şəhid ailələrinin mənəvi rahatlığına, azad edilmiş torpaqlarımıza olan bağlılığın daha da möhkəmlənməsinə, həmçinin hazırda həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də insanların öz doğma yurdlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” prosesi ilə yaxından tanış olmasına xidmət etmişdir.

      12 dekabr 2025-ci il tarixində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələri, müharibə əlilləri və müharibə veteranlarının iştirakı ilə ehsan süfrəsi təşkil olunmuşdur.

      1 İyun 2025-ci il Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar övladı olan şəhidlərimizin ailələri ziyarət olunmuş, bayramları təbrik edilmiş və hər birinə sovqatlar verilmişdir.

     30 dekabr 2025-ci il tarixində şəhid övladları üçün əyləncəli Yeni il tədbiri təşkil olunmuşdur. Tədbir zamanı şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunmuşdur.

      Şəhid övladlarının doğum günü ilə əlaqədar şəhid ailələri ziyarət olunmuşdur.

       Görülən bütün bu tədbirlər bir daha sübut edir ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu siyasət Oğuz rayonunda ardıcıl, sistemli və yüksək məsuliyyətlə həyata keçirilir.

 

Dövlət şəhərsalma nəzarəti çərçivəsində görülmüş işlər

           2025-ci il ərzində Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan Şəhərsalma nəzarəti çərçivəsində 2 illik dövrü əhatə etməklə AR Şəhərsalma və Arxitektura növbəti yoxlama -monitorinqi keçirilmişdir. Keçirilmiş yoxlama-monitorinqin nəticələri qənaətbəxş hesab edilmişdir.

Hesabat dövründə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı  sifarişçilər tərəfindən məlumatlandırma icraatı üzrə məlumatlar vahid informasiya təminatı sistemi (elektron tikinti portalı) vasitəsilə  portala 202 fərdi yaşayış evi barəsində məlumat yerləşdirilmiş, bunlardan 165 fərdi yaşayış evi üzrə məlumatlar “Tikintilərin dövlət reyestri”nə daxil edilmişdir və 35 fərdi yaşayış evi üzrə məlumatlarda uyğunsuzluq olduğu üçün irad bildirilmişdir.

        Bundan başqa hesabat dövrü ərzində “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı  elektron portalı vasitəsilə daxil olmuş və aidiyyəti qurumlar tərəfindən müsbət rəy almış, istismarına icazə verilməsi üçün Rayon İcra Hakimiyyətinin icrasına yönləndirilmiş 15 elektron müraciətin 6-na (3 müraciət 2024-cü ildə uyğunsuzluq olduğu üçün vətəndaşa göndərilmiş bildiriş əsasında düzəliş edilmiş) müsbət rəy verilməklə istismara icazə verilmiş, 

      2025-ci il ərzində aparılan monitorinqlər zamanı Oğuz şəhəri ərazisində 12 ədəd özbaşına tikili aşkar edilərək yerində aktlaşdırılmış, tikinti sahibinə xəbərdarlıq edilmiş və barələrində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məktub ünvanlanmışdır.

       Qeyd edək ki, Oğuz şəhərində küçələrin əsaslı təmiri işləri üzrə ümumilikdə 16 küçədə əsaslı təmir işləri aparılmışdır.

 

 

Vətəndaş qəbulları və müraciətləri

RİH başçısının Aparat və səyyar qəbullarında, eləcə də  İƏD üzrə nümayəndələrin qəbullarında ümumilikdə 6435 vətəndaş qəbul edilmişdir. Qəbullarda ümumilikdə 6524 müraciət mövzusu dinlənilmişdir. Müraciətlərin 5382-si  (82.5%) müsbət həll edilmişdir. Müraciətlərə qanunauyğun baxılmışıdır. Müraciətlərə baxılma ilə əlaqədar hər hansı şikayət daxil olmamışdır.

 Hesabat dövrü ərzində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, I qrup əlillər, uzunmüddətli xəstəliklərdən əziyyət çəkən və aztəminatlı ailələr olmaqla 597 nəfər vətəndaşa 87006 manat məbləğində maddi yardım göstərilmişdir.

2025- ci il ərzində RİH nə  yazılı müraciətlər 782 ədəd olmuşdur. Müraciətlərin 471-i müsbət həll olunub, 319-a müvafiq izahat verilib, 43-ü aidiyyəti üzrə göndərilib, 3-ü dövlət proqramlarında icrası nəzərdə tutulub, 4-ü icradadır.

 İl ərzində öncədən tərtib olunmuş qrafikə uyğun olaraq rayonun 31 kəndində və 1 yaşayış məntəqəsində səyyar qəbullar keçirilmişdir. 2025-ci il ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ümumi rayon üzrə 46 səyyar qəbul keçirilmişdir. Keçirilmiş səyyar qəbullarda 2976  nəfər vətəndaş iştirak etmiş, 163 nəfər vətəndaş tərəfindən 205 müraciət səsləndirilmişdir. Səsləndirilmiş müraciətlərin 76-ı prioritet təşkil edir.

Müraciətlər əsasən içməli su şəbəkəsinin yenidən qurulması, yolların təmiri və asfaltlaşdırılması, elektrik xətlərinin təmiri və yenidən qurulması, təbii qaz xəttinin çəkilməsi, kanalizasiya xəttinin çəkilişi, birdəfəlik maddi yardım verilməsi, torpaq sahələrinin sənədləşdirilməsi, məşğulluq məsələləri ilə bağlı olmuşdur.

          16 iyul 2025- ciu il tarixdən Oğuz Rayon İcra Hakimiyyəti yanında Vətəndaş Qəbulu və Elektron Xidmətlər üzrə Dəstək Mərkəzinin fəaliyyəti təşkil edilmişdir.

     2025- ci ilin noyabr -dekabr aylarında Vətəndaş Qəbulu və Elektron Xidmətlər üzrə Dəsdək Mərkəzində göstərilən xidmətin səviyyəsini və vətəndaş məmnunluğunun ölçülməsi məqsədilə 5 ballıq sistemlə qiymətləndirilmə sorğusu keçirilmişdir vətəndaşlardan 112 nəfəri iştirak etmişdir. Qiymətləndirlimənin nəticələrinə əsasən 105 nəfər 5 qiymət , 7 nəfər 4 qiymətlə münasibət bildirmiş və xidmət səviyyəsindən  məmnunluqlarını sorğularda ifadə etmişdirlər.

     Hesabat ili ərzində 24 Şura iclası keçirilmişdir. İclaslarda 36 məsələ müzakirə edilərək müvafiq qərarlar çıxarılmış, aidiyyəti üzrə göndərilmişdir və icrası təmin olunmuşdur. Şura iclaslarında aktual məsələlərlə yanaşı həmçinin, ayrı-ayrı qanunvericilik aktlarının tələblərinə əməl edilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə əlaqədar məsələlər də müzakirə edilmişdir.

      Bildirmək istəyirəm ki, 2025- ci il ərzində  Rayon İcra Hakimiyyəti başçısının Aparatında, İƏD üzrə nümayəndəliklərdə və tabeli qurumlarda sənəd dövriyyəsi tam formatda Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiya edilmişdir. Rayon İcra Hakimiyyətində strukturdaxili işgüzar və rəsmi yazışmalar tam elektronlaşdırılmışdır.

  

Dövlət idarəçiliyi prinsiplərinin tətbiqi, kadrlarla iş

Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar görülmüş işlər haqqında məlumatları təqdim etmək istərdim. Fərmanın icrası ilə əlaqədar Oğuz Rayon İcra Hakimiyyətində ardıcıl tədbirlər davam etdirilmişdir. Hal hazırda :

  • Vakant vəzifələrin sayı – 10

Ümumilikdə Oğuz Rayon İcra Hakimiyyətində ixtisara düşən şəxlərin sayı – 12

  • Vakant vəzifələr üzrə elana təqdim edilmiş vəzifələrin sayı hal -hazırda -3 ştat vahididir.
  • 2025-ci il ərzində Oğuz Rayon İcra Hakimiyyətinin İƏD üzrə nümayəndəliklərinin  3 nəfər əməkdaşına töhmət elan edilmişdir:
  • 2025-ci il ərzində qanunvericiliyə uyğun olaraq sənədləşmə işləri aparılaraq inzibati vəzifələr üzrə 9 əməkdaşa tutduqları vəzifənin təsnifatına uyğun olaraq növbəti ixtisas dərəcəsi verilmişdir

-Hesbat dövründə Oğuz RİH tərəfindən Dövlət Qulluqçularının Etik davranış qaydalarıDövlət Qulluqçularının Xidməti Fəaliyyətinin qiymətləndirilməsi qaydaları mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Dövlət İmtahan Mərkəzi və RİH ilə birgə  “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları”“Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qaşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında təlimlər keçirilmişdir

Hesabat dövründə, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə davamiyyətinə operativ nəzarətin təmin edilməsi məqsədilə, “üztanıma” cihazı vasitəsilə  Rayon İcra Hakimiyyəti başçısı Aparatında və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə həftəlik, aylıq hesabatların elektron sistem üzərindən tətbiqinə başlanılmışdır.

 

Bildirmək istəyirik ki, 2025- ci il ərzində Oğuz Rayon İcra Hakimiyyətinin inzibati binası təmir edilmiş, əməkdaşlarımızın əmək şəraiti yaxşılaşdırlmış, müasir tələblərə cavab verən elktron avadanlıqlar və kompüterlərlə təmin edilmişlər.

  Hörmətli tədbir iştirakçıları,

Respublikamızın, eləcə də rayonumuzun inkişafına töhfə verən şəhid ailələrinə, müharibə iştirakçılarına, bütün dövlət qurumlarına, ziyalılara, ictimai fəallara və ümumilikdə rayon sakinlərimizə təşəkkürümüzü bildirir, hər birinizə möhkəm cansağlığı və gələcək  fəaliyyətlərində  uğurlar arzulayıram.

Bir daha Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi əmin etmək istəyirik ki, qarşıdakı dövrdə əsas məqsədimiz cənab Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq rayonun davamlı inkişafını təmin etmək, əhalinin rifah halını daha da yüksəlməsində dəsdək olmaq və vətəndaş məmnunluğunu artırmaqdır.

 

Keçidlər