Ölkə başçısı Oğuzda
14-16.08.2013
14 - 16 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir
Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir.
Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılmışdır.
İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi–uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer almışdır.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi.
Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Bu gün gözəl gündür. Gözəl tədbir keçirilir, bu gün Oğuz şəhərinin içməli su ilə təminatı həll olunur. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaqdır.
İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır.
Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.
Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük - sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, - indi uşaq bağçası açılacaqdır, - su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir – su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.