Qurban bayramı münasibətilə qurban sovqatı təqdim olunub
Qurban bayramı münasibətilə Oğuz rayonunda silsilə xeyriyyə aksiyaları təşkil olunub. Müsəlman aləminin müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə həyata keçirilən aksiyalar çərçivəsində Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 210 ailəyə, sahibkarlar və iş adamlarının təşkilatçılığı ilə isə ümumilikdə 2300-dən çox ailəyə, ahıl və tənha vətəndaşlara qurban sovqatı təqdim edilib.
Tədbir zamanı bildirilib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dini bayramların yüksək səviyyədə qeyd olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd edilib ki, Qurban bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur, insanlar arasında birlik, mərhəmət və həmrəylik dəyərlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək milli-mənəvi dəyərlərimizin yaşadılmasının və xeyriyyəçilik ənənələrinin davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Bildirilib ki, həyata keçirilən sosial dəstək tədbirləri aztəminatlı ailələrin rifahının yaxşılaşdırılmasına, cəmiyyətdə humanizm və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







