Calut kəndinin avtomobil yollarının əsaslı təmir işlərinə başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2025-ci il tarixli 613 nömrəli Sərəncamına uyğun olaraq, Qaraməryəm–İsmayıllı–Şəki magistral avtomobil yolunu Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri istiqamətində mühüm işlər həyata keçirilir.
Sərəncam əsasında icra olunan layihə çərçivəsində ümumi uzunluğu 17 kilometr təşkil edən avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub. Layihənin əsas məqsədi regionda yaşayan vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, kəndlərarası nəqliyyat əlaqələrini yaxşılaşdırmaq, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.
Sərəncama uyğun olaraq, artıq Calut kəndinə gedən avtomobil yolu əsaslı təmir edilmiş, bununla yanaşı, yolboyu yerləşən körpü və suötürücü qurğular yenilənib, müasir standartlara cavab verən avtobus dayanacaqları quraşdırılıb və yol infrastrukturunun digər elementləri təkmilləşdirilib.
Hazırda layihə üzrə Calut kəndində son tamamlama işləri aparılır və tikinti-quraşdırma prosesinin yaxın günlərdə tam yekunlaşdırılması gözlənilir. İcra olunan layihə regionun nəqliyyat infrastrukturunun inkişafına, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına və sosial-iqtisadi fəallığın artırılmasına mühüm töhfə verəcəkdir.







