Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Oğuz rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Uşaq Musiqi Məktəbinin və Mədəniyyət Mərkəzinin birgə dəstəyi ilə bayram tədbiri təşkil olunub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın birliyi və həmrəyliyindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən geniş bəhs olunub. Eyni zamanda, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində məktəblilərin və Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Vətənə, qəhrəmanlığa və Zəfər tarixinə həsr olunmuş musiqi nömrələri, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Vətənpərvərlik ruhunda hazırlanan bədii proqram iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətinin bir daha vurğulanması, milli birlik və vətənpərvərlik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.







