Yusif Kamil oğlu Rzayevin 75 illik yubileyi qeyd olunub
Oğuz rayonunun tanınmış ziyalısı, şair-tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Kamil oğlu Rzayevin anadan olmasının 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayonun ziyalıları, mədəniyyət və təhsil işçiləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, eləcə də yubilyarın yaxınları iştirak ediblər.
Tədbirdə çıxış edən Aliyə Osmanova Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun salamlarını və xoş arzularını yubilyara çatdırıb. O, Yusif Rzayevin uzunillik elmi, ədəbi-publisistik və ictimai fəaliyyətindən, Oğuz rayonunun tarixinin, folklorunun, toponimikasının və mədəni irsinin araşdırılması və təbliği istiqamətində gördüyü işlərdən danışıb.
Aliyə Osmanova rayon rəhbərliyi adından Yusif Kamil oğlu Rzayevə 75 illik yubileyi münasibətilə təşəkkürnamə təqdim edib, ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.
Çıxışlarda Yusif Rzayevin zəngin yaradıcılıq və tədqiqat fəaliyyəti yüksək qiymətləndirilib. Onun Oğuzun tarixi-mədəni irsinin, folklorunun və milli-mənəvi dəyərlərinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması istiqamətində xidmətləri xüsusi qeyd olunub.
Sonda yubilyar çıxış edərək tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlığını bildirib, yaradıcılıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.







