Yeni Azərbaycan Partiyasının təsis edilməsinin ildönümünə həsr olunmuş şahmat turniri keçirilib
21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis edilməsinin ildönümü münasibətilə Oğuz rayonunda şahmat turniri təşkil olunub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına turnirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin ildönümünə həsr olunan bu cür tədbirlərin təşkili əlamətdar tarixin qeyd olunması ilə yanaşı, gənclərin intellektual inkişafına, idmana marağının artırılmasına və sağlam həyat tərzinin təbliğinə xidmət edir.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, partiyanın təsis edilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri olub. Eyni zamanda, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların intellektual potensialının üzə çıxarılması, idmana və sağlam həyat tərzinə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra şahmat turnirinə start verilib. İştirakçılar arasında maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda şahmatçılar öz bilik və bacarıqlarını nümayiş etdirərək qalib adı uğrunda mübarizə aparıblar.
Turnirin sonunda nəticələrə əsasən qaliblər müəyyənləşdirilib. Qaliblərə Təşəkkürnamələr, diplomlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin ildönümünə həsr olunmuş şahmat turnirinin keçirilməsində əsas məqsəd əlamətdar tarixin qeyd olunması, idmanın, xüsusilə şahmatın təbliği, iştirakçıların intellektual potensialının inkişaf etdirilməsi və rayonda idman ənənələrinin genişləndirilməsidir.







