YAP Oğuz rayon təşkilatının yaranmasının 33-cü ildönümü qeyd olunub
17 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatın əməkdaşları, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra tədbir Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçmiş şəhidlərin və vəfat etmiş partiya veteranlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, 17 iyul 1993-cü ildə təsis olunan YAP Oğuz rayon təşkilatının sıralarında hazırda 5000-dən çox üzv birləşir və onların əksəriyyətini qadınlar və gənclər təşkil edir. O qeyd edib ki, təşkilat yarandığı gündən etibarən rayonda keçirilən bütün seçkilərdə, referendumlarda və ictimai-siyasi tədbirlərdə fəal iştirak edib.
Rayon rəhbəri vurğulayıb ki, partiya sıralarının genişləndirilməsi, xüsusilə gənclərin və qadınların YAP-a cəlb olunması istiqamətində ardıcıl iş aparılır. Bildirilib ki, təşkilat hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafına, demokratik proseslərin möhkəmləndirilməsinə və müstəqil Azərbaycanın tərəqqisinə öz töhfəsini verməkdə davam edir.
Çıxışının sonunda Cavid Əbdul-Qədirov YAP Oğuz rayon təşkilatının yaranmasının 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, təşkilat üzvlərinin Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə və ölkənin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra məruzə ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı müstəqil Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.
Saleh Məhərrəmov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın böyük rəğbətini qazanmasının əsas səbəbi xalqın Heydər Əliyevə olan inam və etimadı idi. Onun sözlərinə görə, məhz bu birlik ölkədə sabitliyin bərqərar olmasına və uğurlu gələcəyin təmin edilməsinə mühüm zəmin yaradıb.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırıldığını, dövlətçiliyə qarşı yönəlmiş cəhdlərin iflasa uğradığını vurğulayıblar. Bildirilib ki, onun rəhbərliyi ilə Azərbaycanda sülh, sabitlik, sosial-iqtisadi inkişaf təmin olunub, dövlətin gələcəyinə inam daha da möhkəmlənib.
Çıxışlarda həmçinin qeyd olunub ki, Ümummilli Lider Yeni Azərbaycan Partiyasının gələcəyinə ilk gündən böyük inam bəsləyir, onun müstəqil Azərbaycanın inkişafında aparıcı siyasi qüvvəyə çevriləcəyini öncədən görürdü. Xatırladılıb ki, Heydər Əliyevin ifadə etdiyi kimi, Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə müasir müstəqil Azərbaycanı qurmağa, onu yeni uğurlara və parlaq gələcəyə aparmağa qadir siyasi təşkilat olduğunu təsdiqləyib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının fəaliyyətində fəal iştirak edən, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub. Eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.







