Xocalı faciəsindən 33 il ötür
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti – Xocalı soyqırımını törətdiyi gündür.
Həmin gün qanunsuz erməni quldurlarının 7 min əhalisi olan Xocalı şəhərinə girməsi ilə 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Tarixi Qələbə qazanan Azərbaycan Ordusu bu qətliamın günahsız qurbanlarının qisasını aldı.
19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatları nəticəsində Respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşü zamanı bildirmişdi: “Mən sizi təbrik edirəm. Yenə də deyirəm, artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki, proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir. Bir daha sizi təbrik edirəm.”
#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət