Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
13 iyun 2026-cı il tarixində respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz rayonunun ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid valideyinləri, məktəb rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər məzunları “Son zəng” və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, ölkəmizdə təhsil sahəsində əldə olunan nailiyyətlərdən və aparılan uğurlu islahatlardan bəhs ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində Oğuz rayonu da daxil olmaqla respublikanın müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası inşa edilib, mövcud təhsil müəssisələri əsaslı təmir olunub, onların maddi-texniki bazası gücləndirilib və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
“Son zəng” tədbirləri şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və müxtəlif çıxışlarla davam edib. Tədbirlər məzunların məktəb illərinə həsr olunmuş duyğulu anlarla yadda qalıb.







