Şəhid ailələri üçün “44” bədii filminin nümayişi təşkil olunub
8 Noyabr – Zəfər Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən “Cinema Plus” kinoteatrında Oğuz rayonundan olan şəhid ailələrinin üzvləri üçün Vətən müharibəsinə həsr olunmuş “44” bədii filminin nümayişi keçirilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid ailələrinin üzvləri ilə birlikdə filmi izləyib.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən ekran əsərində Azərbaycan xalqının birliyi və həmrəyliyi, əsgər və zabitlərimizin igidliyi, torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlıq geniş şəkildə təqdim olunub. Filmdə müharibənin çətinlikləri, xalqımızın sarsılmaz iradəsi və tarixi Zəfərə aparan yol öz əksini tapıb.
Filmdə nümayiş etdirilən qəhrəmanlıq səhnələri Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizin şücaətini bir daha xatırladıb, iştirakçılarda dərin mənəvi təəssürat yaradıb.
Şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də filmin ərsəyə gəlməsinə dəstək göstərən Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrinə göstərilən dövlət qayğısı, onların sosial və mənəvi dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Belə tədbirlər şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə mənəvi dəstəyin göstərilməsi, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaqla yanaşı, onların bizə əmanət qalan doğmalarına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.







