“Sağlam həyat naminə narkotiklərə yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib
Oğuz Rayon Təhsil Sektorunun akt zalında “Sağlam həyat naminə narkotiklərə yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul nümayəndəsi Vasif Quliyev, eləcə də idarə və müəssisələrdə çalışan valideynlər iştirak ediblər.
Çıxışlarda narkomaniyaya qarşı mübarizənin dövlətimizin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Narkotik vasitələrdən istifadənin və narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən hüquqi tədbirlərlə yanaşı, maarifləndirmə və profilaktik işlərin də mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Bildirilib ki, Oğuz rayonunda narkomanlığa qarşı mübarizə istiqamətində Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən tədbirlər gücləndirilib, təbliğat və profilaktik işlərin səmərəliliyinin artırılması istiqamətində müvafiq addımlar atılıb. Eyni zamanda, bu sahədə yalnız hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının deyil, bütövlükdə ictimaiyyətin, xüsusilə də valideynlərin fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Sonda narkomanlığın profilaktikası sahəsində görülən işlər, mövcud problemlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.







