Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rəqəmsal inkişafın sürətləndirilməsi məsələləri müzakirə olunub

29 sentyabr 2026 | 16:40

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlərin icrası ilə əlaqədar Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında iclas keçirilib.

İclasda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, RİH aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, Fəaliyyət Planı ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsinin, dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılmasının təmin edilməsi, eləcə də dayanıqlı və rəqabətqabiliyyətli inkişafın sürətləndirilməsi məqsədi daşıyır.

Sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının qarşısında Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası, həmçinin yerli icra hakimiyyəti orqanlarında rəqəmsallaşma üzrə Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı bir sıra vəzifələr müəyyənləşdirilib.

İclasda bildirilib ki, Yol Xəritəsinə uyğun olaraq, rayon ərazisində, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə rəqəmsal dövlət xidmətlərindən istifadənin təşviqi və əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi əsas prioritetlərdəndir.

Bu məqsədlə nümayəndəliklər tərəfindən əhali arasında mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsi, vətəndaşlara kağız dövriyyəsinin azaldılmasının və dövlət xidmətlərinin elektronlaşdırılmasının əsas hədəflərdən biri olduğunun izah edilməsi tapşırılıb.

Həmçinin nümayəndəliklərə müraciət edən hər bir vətəndaşa “myGov” tətbiqinin mobil telefona yüklənməsi, qeydiyyat prosesinin tamamlanması və dövlət qurumlarına elektron qaydada müraciət imkanlarından istifadə ilə bağlı praktiki köməklik göstərilməsi və lazımi istiqamət verilməsi vurğulanıb.

Bununla yanaşı, vətəndaşlara “SİMA” tətbiqinin yüklənməsi və istifadəsi ilə bağlı da zəruri dəstəyin göstərilməsi qeyd olunub.

İclasın sonunda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, rayonun idarə və müəssisələrində rəqəmsallaşma istiqamətində işlərin məsuliyyətli, sistemli və nəticəyönümlü şəkildə təşkil edilməsi, vətəndaşlara praktiki dəstəyin göstərilməsi və görülən işlərin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər