Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
22 sentyabr 2026-cı il tarixində Oğuz Rayon Ağsaqqallar Şurasının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, Şuranın üzvləri, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək,Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında konfrans davam etdirilib.
İlk öncə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov açaraq ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində, gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını bildirib. Rayon rəhbəri ağsaqqalların zəngin həyat təcrübəsinin və tövsiyələrinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov 2025-ci ildə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Hesabatda Şuranın il ərzində həyata keçirdiyi tədbirlər, ağsaqqalların rayonun ictimai-mədəni həyatında iştirakı, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Çıxış edən Şura üzvləri və digər iştirakçılar ağsaqqalların rayonun ictimai həyatındakı fəallığından söz açaraq onların həyat təcrübəsinin gənc nəslə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. Gənclərlə əlaqələrin genişləndirilməsi və ağsaqqalların ictimai proseslərdə daha fəal iştirakı gələcək fəaliyyətin əsas istiqamətləri kimi diqqətə çatdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, ölkədə ağsaqqallara göstərilən diqqət və qayğıdan, onların ictimai-mənəvi həyatda rolunun artırılmasına verilən önəmdən danışıb.
Professor Vahid Novruzov, həmçinin Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlara toxunub, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib.
Konfransda ağsaqqalların qarşısında duran vəzifələr, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, ictimai münasibətlərin sağlam əsaslar üzərində qurulması ilə bağlı fikir və təkliflər səsləndirilib.
Sonda Oğuz Rayon Ağsaqqallar Şurasının 2025-ci il üzrə fəaliyyət hesabatı müzakirə olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Şuranın milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin mənəvi həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.







