Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Zorakılığa yox deyək!” – Qadın hüquqları və təhlükəsiz cəmiyyət naminə maarifləndirici tədbir keçirilib
25 Noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında “Zorakılığa yox deyək!” – Qadın hüquqları və təhlükəsiz cəmiyyət naminə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, rayon prokurorunun böyük köməkçisi, ümumtəhsil müəssisələrinin rəhbərləri, eləcə də rayonda fəaliyyət göstərən idarə və təşkilatların qadın əməkdaşları iştirak ediblər.
Görüş zamanı qadın hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlər, qanunvericilikdə nəzərdə tutulan hüquqi müdafiə mexanizmləri və cəmiyyətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə çıxışlar dinlənilib.
Bildirilib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması, onların hüquq və azadlıqlarının qorunması, eləcə də təhlükəsiz cəmiyyətin formalaşdırılması hər kəsin üzərinə düşən mühüm vəzifələrdəndir.
Tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və qarşılıqlı müzakirələr keçirilib.
Maarifləndirici tədbirin əsas məqsədi qadın hüquqlarının qorunması, zorakılığa qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə bu istiqamətdə ictimai həssaslığın artırılması olub.







