Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Oğuz rayonunda tədbir keçirilib.
2026-cı il oktyabrın 1-də Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayon prokuroru Emil Kərimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə tər çiçəklər düzüblər.
Daha sonra tədbir Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, prokurorluq əməkdaşlarının digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ictimai-siyasi sabitliyin və dövlətçiliyin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət həyata keçirdiklərini vurğulayıb.
Rayon prokuroru Emil Kərimov göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib. O, bundan sonra da prokurorluq əməkdaşlarının fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xüsusi diqqət yetiriləcəyini qeyd edib.
Sonda rayon prokurorluğunun bir sıra əməkdaşına Oğuz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.







