Oğuzda ümumtəhsil müəssisələrində uşaqların hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbirlər keçirilib
Oğuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən rayonun müxtəlif ümumtəhsil müəssisələrində şagirdlər üçün maarifləndirici görüşlər təşkil olunub. Tədbirlərin əsas məqsədi məktəblilərin sosial təhlükəsizlik səviyyəsinin artırılması, onların hüquqları barədə məlumatlılığının yüksəldilməsi və risk faktorlarına qarşı həssaslığının gücləndirilməsi olub.
Görüşlər zamanı “Təhsildən yayınma halları, uşaqlara qarşı zorakılıq, zərərli informasiyalar və zərərli vərdişlərdən qorunma yolları” mövzuları ətrafında geniş müzakirələr aparılıb. Komissiya əməkdaşları şagirdlərə həm hüquqi, həm də psixoloji aspektlərdən ətraflı məlumat verərək, təhlükəli situasiyalarda necə davranmalı olduqları barədə praktiki tövsiyələr təqdim ediblər.
Tədbirlərdə məktəblilərə təhsildən yayınmanın yaratdığı mənfi nəticələr, fiziki və psixoloji zorakılığın qarşısının alınması yolları, internetdə yayılan zərərli informasiyalardan qorunma üsulları barədə məlumat verilib. Eyni zamanda, siqaret, alkoqol, narkotik vasitələr kimi zərərli vərdişlərin fəsadları izah olunub və şagirdlər sağlam həyat tərzinə təşviq edilib.
Maarifləndirici sessiyalar interaktiv müzakirələrlə davam etdirilib, şagirdlərin sualları cavablandırılıb və mövzularla bağlı maarifləndirici materiallar təqdim olunub.
Oğuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.







