Oğuzda tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirici görüş keçirilib
Oğuz rayon Calut kənd tam orta məktəbinin akt zalında, Oğuz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə tarixi-mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici görüş keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Calut kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teymur Abbasov, Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli, bələdiyyə üzvləri, kənd ağsaqqalları, mədəniyyət və təhsil sahəsinin əməkdaşları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüşdə mədəni irsin qorunmasının əhəmiyyətindən bəhs edərək bu sahədə maarifləndirmə tədbirlərinin vacibliyini vurğulanıb. Daha sonra iştirakçılara dövlət mühafizəsində olan və yeni aşkar edilmiş tarix və mədəniyyət abidələrinin qorunması, abidələrin ətrafında qanunvericiliyin tələblərinə əməl olunması, tarixi-mədəni irsə münasibətdə vətəndaş məsuliyyəti və yerli ictimaiyyətin bu sahədə rolu barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində mədəni irs nümunələrinin mühafizəsi, onların gələcək nəsillərə çatdırılması və bu istiqamətdə ictimai məsuliyyətin artırılmasının vacibliyi diqqətə çatdırılıb.







