Oğuzda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib
Oğuzda Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.
Tədbirdə gənclər, dini icmaların nümayəndələri və ictimai fəallar iştirak ediblər. Çıxış edənlər Azərbaycanda formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin ölkənin əsas mənəvi dəyərlərindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, müxtəlif dinlərə və millətlərə mənsub insanların qarşılıqlı hörmət, etimad və əməkdaşlıq şəraitində yaşaması Azərbaycan multikulturalizm modelinin uğurlarını əks etdirir.
Müzakirələr zamanı bildirilib ki, layihənin əsas məqsədi multikultural və tolerant dəyərlərin təbliği, xüsusilə gənclər arasında maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması və yad ideoloji təsirlərə qarşı sağlam ictimai düşüncənin formalaşdırılmasına töhfə verməkdir.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar, onları maraqlandıran suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib. Müzakirələrin cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.







