Oğuzda Qurban bayramı ilə bağlı tədbirlərin təşkili müzakirə olunub
2026-cı il may ayının 27-28-də qeyd olunacaq Qurban bayramı günlərində heyvan kəsimi prosesinin baytarlıq-sanitariya norma və qaydalarına, eləcə də sanitar-gigiyenik tələblərə uyğun təşkili məqsədilə Oğuz Rayon İcra Hakimiyyətində aidiyyəti qurumların iştirakı ilə işçi qrupun iclası keçirilib.
İclasda bildirilib ki, Qurban bayramı günlərində heyvan kəsimi kütləvi xarakter aldığından prosesin qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə olunması, əhalinin təhlükəsiz və keyfiyyətli ət məhsulları ilə təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, küçə, park, yol kənarı və digər ictimai yerlərdə qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə Daxili İşlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Qafqaz Müsəlmanları İdarəsinin yerli qurumlarının nümayəndələri, həmçinin rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Qurban bayramı günlərində heyvan kəsiminin yalnız müəyyən olunmuş məntəqələrdə həyata keçirilməsi, baytarlıq-sanitariya və sanitar-gigiyenik qaydalara ciddi riayət olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, nəzarət tədbirlərinin operativ və koordinasiyalı şəkildə təşkili ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonda qeyd olunub ki, bayram günlərində vətəndaşların rahatlığının təmin olunması, ictimai sağlamlığın qorunması və təhlükəsiz qida təminatının həyata keçirilməsi məqsədilə tədbirlər gücləndirilmiş rejimdə davam etdiriləcək.







