Oğuzda qoz bağına baxış keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov sahibkara məxsus qoz bağına, eləcə də burada fəaliyyət göstərən qurutma və qablaşdırma sexinə baxış keçirib.
Baxış zamanı müəssisənin fəaliyyəti, istehsal prosesi, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 17 hektar ərazini əhatə edən qoz bağında ümumilikdə 5 min ağac mövcuddur və damlama suvarma sistemi quraşdırıb. Təsərrüfatda ilboyu 1 nəfər daimi işçi çalışır. Bundan əlavə, mövsümi işlərə 6 ay müddətində 2 nəfər cəlb olunur, məhsul yığımı dövründə isə 1 ay ərzində 15 nəfər işçi çalışır. Bağda hər hektardan orta hesabla 3 ton məhsul əldə olunur.
Qeyd edilib ki, bağda yetişdirilən qoz məhsulunun qurutma və qablaşdırma sexində emal olunması məhsulun keyfiyyətinin qorunmasına, əlavə dəyər yaradılmasına və satış imkanlarının genişləndirilməsinə şərait yaradır.
Bu cür təsərrüfatların inkişafının kənd təsərrüfatının genişləndirilməsi, yerli istehsalın artırılması, məhsulların emalı imkanlarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş zamanı müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi və gələcək inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.
Cavid Əbdul-Qədirov sahibkarlığın inkişafının, yerli istehsalın stimullaşdırılmasının və kənd təsərrüfatı sahəsində mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Rayon rəhbəri sahibkara fəaliyyətində uğurlar arzulayıb və bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinin əhəmiyyətini qeyd edib.







