Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Novruz bayramı qeyd olundu

19 mart 2026 | 16:25

Martın 19-da Oğuz rayonunda xalqımızın zəngin milli irsini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan Novruz bayramı münasibətilə ümumrayon şənliyi təşkil olunub.

Oğuz Rayon Mədəniyyət Mərkəzi qarşısındakı meydanda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müxtəlif idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov sakinləri və qonaqları bayram münasibətilə təbrik edib. O bildirib ki, Novruz bayramı minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən əvəzsiz bir irsdir. Qeyd olunub ki, bu əziz bayram xalqımızın zəngin mədəni irsini, qədim köklərini və milli kimliyini özündə əks etdirir.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev milli irsimizin qorunmasına daim böyük önəm verib, Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunmasına xüsusi diqqət ayıraraq ona rəsmi status qazandırıb. Bu ənənə bu gün də cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbir boyunca mədəniyyət işçilərinin ifasında zəngin xalq musiqilərimiz səsləndirilib, Novruz mərasimlərini, milli birlik və həmrəyliyi tərənnüm edən nəğmələr təqdim olunub.

Bayram tonqalını Vətən Müharibəsi əlili Abdullayev Nuralı Şirəli oğlu alovlandırdıqdan sonra, bayramın sevilən obrazları olan Kosa və Keçəlin şən çıxışları tədbirə xüsusi rəng qataraq iştirakçılara xoş ovqat bəxş edib.

Ümumilikdə, təşkil olunan şənlik Novruzun milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.

Keçidlər