Oğuzda “Narkomaniya-bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
18 noyabr 2025-ci il tarixdə Oğuz Peşə Məktəbində “Narkomaniya-bəşəriyyətin faciəsidir” mövzusunda narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Komissiyasının sədri Aliyə Osmanova, Oğuz Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Sübhan Zeynalov, Oğuz Rayon Prokurorunun böyük köməkçisi Aysel Ələkbərova, Komissiyanın katibi, Oğuz RİH Hüquq şöbəsinin müdiri Sənan Əliyev və Oğuz Peşə Məktəbinin direktoru Ceyhun Kərimov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində rayon Komissiyası tərəfindən görülmüş işlər qeyd edilmiş, rayonda antinarkotik təbliğatın daha da gücləndirilməsinin vacibliyi və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili məsələləri müzakirə edilmiş, narkomaniyanın insanların sağlam həyatı, sağlam düşüncəsi və sağlam gələcəyi üçün təhlükə olduğu, vətəndaşları cinayətə sürükləyərək və cəmiyyətdən təcrid edərək onları nüfuzdan saldığı və bununla da, cəmiyyətimizə, xüsusən də yeniyetmə və gənclərin təlim-tərbiyəsinə olduqca mənfi təsir göstərdiyi vurğulanmışdır.
Tədbirdə həmçinin yeniyetmələrə narkotikdən istifadənin inzibati və cinayət məsuliyyəti izah edilərək narkotik vasitələrdən, spirtli içki və tütün məmulatlarından istifadənin insanların sağlamlığına, mənəviyyatına və sağlam düşüncəsinə vurduğu zərər barədə söhbətlər aparılmış, bu kimi zərərli vərdişlərdən uzaq durmaları tövsiyə edilmiş və sonda tədbir iştirakçıları ilə müzakirə təşkil edilmişdir.







