Oğuzda kənd yollarının əsaslı təmiri işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq adı çəkilən kəndlərin respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.
Layihə çərçivəsində respublika əhəmiyyətli Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşən Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərinin ümumi uzunluğu 17 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.
Yenidənqurma işlərinin əsas məqsədi sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.
Hazırda Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ərazisində torpaq işləri, yol yatağının genişləndirilməsi, eləcə də suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə çərçivəsində, mövcud körpülərin təmiri və bərpası da nəzərdə tutulur. Son mərhələdə isə avtomobil yolunda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.