Oğuzda kənd təsərrüfatının inkişafı istiqamətində yeni layihələr həyata keçirilir
Oğuz rayonunda kənd təsərrüfatı istehsalının artırılması, fermer təsərrüfatlarının genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində Oğuz rayonunda aqrar sahənin inkişafına yönəlmiş yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Görülən işlərlə yerində tanış olmaq məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Oğuz Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev ilə birlikdə fermer Əliyev Vaqif Xəlil oğlunun mülkiyyətində olan torpaq sahəsində olub.
Səfər zamanı fermerin təsərrüfatının genişləndirilməsi məqsədilə tikintisi planlaşdırılan kökəltmə fermasının yerləşəcəyi əraziyə baxış keçirilib. Həmçinin 400 baş xırdabuynuzlu heyvanın alınması və təsərrüfat fəaliyyətinin genişləndirilməsi üçün yaradılması nəzərdə tutulan yeni təsərrüfat sahəsi ilə tanışlıq olub.
Görüş zamanı fermerin təsərrüfatında görülən işlər, mövcud məhsuldarlıq göstəriciləri və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatın inkişafı ilə bağlı fermeri maraqlandıran məsələləri dinləyib, qarşıya çıxan problemlərlə maraqlanıb və layihənin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Qeyd olunub ki, layihələrin həyata keçirilməsi kənd təsərrüfatı istehsalının artırılmasına, xüsusilə ət istehsalının genişləndirilməsinə, fermer təsərrüfatlarının inkişafına, yeni istehsal imkanlarının yaradılmasına və rayonun iqtisadi potensialından səmərəli istifadəyə şərait yaradacaq.
Eyni zamanda, təsərrüfatın genişləndirilməsi gələcəkdə yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verə bilər.
Oğuz rayonunda aqrar sahədə həyata keçirilən bu kimi layihələr kənd təsərrüfatının müasir tələblər əsasında inkişaf etdirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və yerli istehsalın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.







