Oğuzda kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir
Oğuz rayonunda kənd təsərrüfatı istehsalının artırılması, fermer təsərrüfatlarının genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində Oğuz rayonunda aqrar sahənin inkişafına yönəlmiş yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Görülən işlərlə yerində tanış olmaq məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Oğuz Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyevlə birlikdə fermer Məmmədov Rauf Qalib oğlunun qarğıdalı silosu istehsalı təsərrüfatında olub.
Səfər zamanı təsərrüfatda qarğıdalının biçilməsi, emalı və silos şəklində paketlənməsi proseslərinə baxış keçirilib. Fermer təsərrüfatında görülən işlər, mövcud məhsuldarlıq göstəriciləri, istehsal həcmi və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatın inkişafı ilə bağlı fermeri maraqlandıran məsələləri dinləyib, qarşıya çıxan problemlərlə maraqlanıb, həmçinin istehsal olunan məhsulun satış imkanları barədə fikir mübadiləsi aparıb.
Qarğıdalı silosu heyvandarlıq təsərrüfatlarında yem tədarükünün təmin olunması və mal-qaranın keyfiyyətli yemlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə yerli istehsalın genişləndirilməsi həm fermer təsərrüfatlarının inkişafına, həm də heyvandarlıq sahəsində məhsuldarlığın artırılmasına imkan yaradır.
Oğuz rayonunda aqrar sahədə həyata keçirilən bu kimi layihələr kənd təsərrüfatının müasir tələblər əsasında inkişaf etdirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması, yem bazasının möhkəmləndirilməsi və yerli istehsalın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.







