Oğuzda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə Dövlət Proqramının icrası ilə bağlı yaradılmış Qərargahın iclası keçirilib
Dövlət Proqramından irəli gələn vəzifələrin Oğuz rayonunda icrasının təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 5-68/3-1-98/2026 nömrəli əmri ilə yaradılmış Qərargahın ilk iclasında qərargah üzvləri və rayonun akvakultura sahəsində fəaliyyət göstərən fermerlər də iştirak ediblər.
Tədbirdə Oğuz rayonunda akvakultura məhsullarının istehsalının inkişaf etdirilməsi, mövcud su ehtiyatlarının və infrastruktur imkanlarının müəyyənləşdirilməsi, istehsal potensialının qiymətləndirilməsi, sahədə mövcud problemlərin araşdırılması və yeni akvakultura təsərrüfatlarının yaradılması imkanları müzakirə olunub.
Çıxışlarda rayonun su ehtiyatlarından səmərəli istifadə etməklə balıqçılıq və akvakultura təsərrüfatlarının genişləndirilməsinin, mövcud təsərrüfatların istehsal imkanlarının artırılmasının və bu sahəyə yeni investisiyaların cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Fermerlərlə aparılan müzakirələr zamanı onların fəaliyyət prosesində qarşılaşdıqları çətinliklər, su təminatı, infrastruktur, istehsalın genişləndirilməsi və digər məsələlərlə bağlı təklifləri dinlənilib. Eyni zamanda, rayonda yeni akvakultura təsərrüfatlarının yaradılması üçün mövcud imkanların araşdırılması və perspektiv ərazilərin müəyyənləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Yığıncağın sonunda sonunda Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və səmərəli icrası, akvakultura sahəsinin inkişafı üçün mövcud potensialdan daha geniş istifadə olunması, fermerlərin təkliflərinin aidiyyəti üzrə nəzərdən keçirilməsi və qarşıda duran məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələr səsləndirilib.







