Oğuzda ilk - xidmət təşkilatlarının səyyar qəbulu keçirilib
Qumlaq və Xalxal inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhatə etdiyi kəndlərin sakinləri üçün Qumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin akt zalında xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə səyyar vətəndaş qəbulu təşkil olunmuşdur.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinin yerində araşdırılması, mövcud problemlərin operativ həlli və əhaliyə göstərilən xidmətlərin əlçatanlığının artırılmasıdır. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilmişdir.
Vətəndaşlar tərəfindən əsasən yol, su, qaz, elektrik enerjisi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan bəzi problemlər yerində həllini tapmış, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilərək icraya götürülmüşdür.
Bu cür səyyar görüşlər kənd sakinlərinin rayon mərkəzinə getmədən problemlərini həll etməsinə şərait yaradır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sakinlər göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını bildirmişlər.







