Oğuzda fındıq yığımının gedişi ilə bağlı təsərrüfata baxış keçirilib
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası istiqamətində Oğuz rayonunda müvafiq tədbirlər həyata keçirilir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov rayon ərazisində fındıq istehsalı ilə məşğul olan fermer Afər İsrafilovun təsərrüfatında olub.
Baxış zamanı təsərrüfatın fəaliyyəti, fındıq bağlarının vəziyyəti, məhsuldarlıq göstəriciləri və mövsümi yığım işlərinin gedişi ilə tanış olunub. Təsərrüfat sahibi tərəfindən görülən işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə rayon rəhbərinə məlumat verilib.
Qeyd edilib ki, ümumi sahəsi 28 hektar olan təsərrüfatda 10 il əvvəl salınmış 3 000 ədəd fındıq ağacı mövcuddur. Hazırda hər ağacdan orta hesabla 20 kiloqram məhsul əldə edilir. Aqrotexniki tədbirlərin və qulluq işlərinin düzgün təşkili hesabına məhsuldarlığın gələcəkdə hər ağac üzrə 30 kiloqrama çatdırılması nəzərdə tutulur.
Görüş zamanı rayonda fındıqçılığın inkişaf perspektivləri, məhsul istehsalının artırılması, mövcud potensialdan səmərəli istifadə və fermerlərin qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış zamanı mövsümi yığımın vaxtında və itkisiz başa çatdırılması, həmçinin məhsulun keyfiyyətinin qorunması ilə bağlı müvafiq tövsiyələr verilib. Fındıqçılığın inkişaf etdirilməsi və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.







