Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda Dövlət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

26 noyabr 2026 | 15:50

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin öyrənilməsi, eləcə də rayon sahibkarlarının təşəbbüsü ilə həyata keçirilən layihələrlə tanışlıq məqsədilə Oğuz rayonunda növbəti monitorinq keçirilib.

Monitorinq zamanı Prezident Administrasiyasının məsul əməkdaşları, rayon rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı qarğıdalı emalı və qlükoza istehsalı, heyvandarlıq, ət istehsalının artırılması, həmçinin balıqçılıq təsərrüfatının yaradılması istiqamətində həyata keçirilən layihələrlə tanış olublar.

Fermer və sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklər barədə məlumat alınıb, təklif və müraciətləri dinlənilib.

Görüşlərdə dövlət tərəfindən aqrar sahənin inkişafı üçün yaradılmış geniş imkanlardan, o cümlədən subsidiyalardan, güzəştli kreditlərdən və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Oğuz rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi, ət istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, heyvandarlığın inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Səfər çərçivəsində daha sonra kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclası giriş nitqi ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov açaraq Dövlət Proqramının rayon üçün əhəmiyyətindən, aqrar sektorun mövcud vəziyyətindən və qarşıda duran əsas vəzifələrdən danışıb.

O, rayonda həyata keçirilən layihələr, mövcud istehsal və emal imkanları, eləcə də Dövlət Proqramı çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Dövlət Proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı, məhsul istehsalının və məhsuldarlığın artırılması, müasir və rəqabətqabiliyyətli təsərrüfatların yaradılması, emal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqinin təşviqi baxımından mühüm vəzifələr müəyyən edir.

Qeyd olunub ki, Oğuz rayonunun kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş potensialı və əlverişli imkanları mövcuddur. Bu potensialdan səmərəli istifadə edilməsi, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması və istehsal olunan məhsulların emal imkanlarının inkişaf etdirilməsi əsas prioritetlərdəndir.

Rayon rəhbəri Dövlət Proqramından irəli gələn tədbirlərin Oğuz rayonunun xüsusiyyətləri nəzərə alınmaqla səmərəli icrasının təmin edilməsinin, mövcud potensialdan maksimum istifadə olunmaqla kənd təsərrüfatında dayanıqlı inkişafın dəstəklənməsinin və fermerlərin fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri İlqar Süleymanov və Sarvan Cəfərov çıxış ediblər.

İclasda zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, mövcud çətinliklər və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.

Çıxışlarda aqrar sahədə sahibkar və fermerlər üçün yaradılmış dəstək mexanizmləri, subsidiyalar və güzəştli maliyyələşdirmə imkanları barədə ətraflı bəhs olunub, bu imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.

Aqrar sahədə istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, yeni investisiya layihələrinin reallaşdırılması və rayonun aqrar potensialından daha səmərəli istifadə edilməsi istiqamətində işlərin ardıcıl davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, Oğuz rayonunda həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan layihələr aqrar sektorun inkişafına, yerli istehsalın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına mühüm töhfə verəcək.

İclasın sonunda qarşıdakı dövrdə Oğuz rayonunda aqrar sahənin inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi istiqamətində tədbirlərin ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Keçidlər