Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda aqrar sahənin inkişafına yönəlmiş yeni layihələr həyata keçirilir

15 sentyabr 2026 | 20:16

Oğuz rayonunda kənd təsərrüfatının inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası, həmçinin rayon sahibkarlarının təşəbbüsü ilə həyata keçirilən layihələrin vəziyyəti ilə tanışlıq məqsədilə Oğuz rayonunda bir sıra təsərrüfat və müəssisələrə baxış keçirilib.

Baxış zamanı Prezident Administrasiyasının məsul əməkdaşı və rayon rəhbərliyi tərəfindən qarğıdalı emalı və qlükoza istehsalı, heyvandarlıq, ət istehsalının artırılması, eləcə də balıqçılıq təsərrüfatının yaradılması istiqamətində həyata keçirilən layihələr üzrə görülən işlərlə tanışlıq olub.

Fermer və sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlər barədə məlumat alınıb. Sahibkarların təklif və müraciətləri dinlənilib.

Görüşlərdə dövlət tərəfindən aqrar sahənin inkişafı üçün yaradılan geniş imkanlardan, o cümlədən subsidiyalardan, güzəştli kreditlərdən və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Oğuz rayonunun aqrar potensialından daha səmərəli istifadə olunması, ət istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, heyvandarlığın inkişafı, yeni istehsal və emal sahələrinin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Səfər çərçivəsində daha sonra Oğuzda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclası giriş nitqi ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov açıb.

Bildirib ki, Dövlət Proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı, məhsul istehsalının və məhsuldarlığın artırılması, müasir və rəqabətqabiliyyətli təsərrüfatların yaradılması, emal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqinin təşviqi baxımından mühüm vəzifələr müəyyən edir.

O qeyd edib ki, Oğuz rayonunun kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş potensialı və əlverişli imkanları mövcuddur. Bu potensialdan daha səmərəli istifadə edilməsi, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması və istehsal olunan məhsulların emal imkanlarının inkişaf etdirilməsi əsas prioritetlərdən olmalıdır.

Rayon rəhbəri bildirib ki, qarşıda duran əsas vəzifə Dövlət Proqramından irəli gələn tədbirlərin Oğuz rayonunun xüsusiyyətləri nəzərə alınmaqla səmərəli şəkildə icrasını təmin etmək, mövcud potensialdan tam istifadə etməklə kənd təsərrüfatında dayanıqlı inkişafı və fermerlərin fəaliyyətinin genişləndirilməsini dəstəkləməkdir.

Daha sonra rayonun aqrar sektorunda mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edən Elşən Yunusov həyata keçirilən layihələr, istehsal və emal imkanları, eləcə də Dövlət Proqramı çərçivəsində görüləcək işlər barədə məlumat verib.

İclasda çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov aqrar sahədə sahibkar və fermerlər üçün yaradılmış dəstək mexanizmləri, subsidiyalar və güzəştli maliyyələşdirmə imkanlarından bəhs edib, bu imkanlardan səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov çıxış edib.

İclasda zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Aqrar sahədə istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, yeni investisiya layihələrinin reallaşdırılması və rayonun aqrar potensialından daha səmərəli istifadə edilməsi istiqamətində işlərin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, Oğuzda həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan layihələr rayonun aqrar sektorunun inkişafına, yerli istehsalın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına mühüm töhfə verəcək.

Sonda qarşıdakı dövrdə Oğuz rayonunda aqrar sahənin inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi istiqamətində tədbirlərin ardıcıl davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Keçidlər