Oğuzda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Oğuz Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə aqrar sektorun inkişafında dövlətin dəstək mexanizmləri barədə məlumatlılığın artırılması məqsədilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.
Tədbirin əsas məqsədi kənd təsərrüfatında dövlət dəstək siyasətinin prioritet istiqamətləri, fermerlərin güzəştli kreditlər, subsidiyalar və sığorta mexanizmləri ilə bağlı məlumatlılığını artırmaq, həmçinin regionlarda sahibkarların inkişafına yönəlik yeni təşəbbüslərin formalaşmasına dəstək göstərmək olub.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov rayonun aqrar potensialı barədə məlumat verib, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsində dövlət dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb.
Rəsmi açılış mərasimində digər çıxış edənlər Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova aqrar sektorun inkişafına yönəlmiş dövlət siyasəti, mövcud dəstək mexanizmləri, subsidiyaların verilməsi qaydaları, güzəştli kreditlər, eləcə də innovativ və rəqəmsal həllərin tətbiqi məsələləri barədə məlumat veriblər.
Daha sonra Panel müzakirələrə başlanılmışdır.
Panel müzakirəsində Aqrar İnnovasiya Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, “Aqrarkredit” QSC, Məşğulluq Agentliyi, Aqrar Sığorta Fondu, “Unibank” ASC, “FİNCA AZERBAİJAN” BOKT nümayəndələri spiker qismində çıxış ediblər.
Spikerlər çıxışlarında kənd təsərrüfatı sahəsində dövlət dəstək mexanizmlərinin tətbiqi və bu istiqamətdə həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat veriblər. Çıxışlarda fermerlər üçün mövcud kredit, subsidiya və sığorta imkanlarının əhəmiyyəti, kənd yerlərində məşğulluğun artırılması, ixrac yönümlü istehsalın təşviqi və beynəlxalq bazarlara çıxış imkanları kimi məsələlər müzakirə olunub.
Panelin yekununda qeyd edilib ki, dövlətin aqrar sahəyə dəstək mexanizmlərinin davamlı şəkildə təkmilləşdirilməsi kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, kənd yerlərində məşğulluğun genişlənməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir.







