Oğuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
Oğuz Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Oğuzda 16 sentyabr 2025-ci il tarixində mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub.
Toxum sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara əlçatanlığını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və bu sahədə dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.
Aqrar Biznes Festivalının rəsmi açılış mərasimində çıxış edən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov rayonun aqrar potensialı barədə məlumat verib, əkin balansında taxılçılığın üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları maarifləndirici xüsusiyyəti ilə yanaşı, həm də aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gözəl nümunəsi rolunu oynayır.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsi, toxum nəzarəti sektorunun müdiri İlqar Məhərrəmov, Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu çıxış edərək tədbir iştirakçılarına Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlardakı yeniliklər, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri, təsərrüfat fəaliyyətində aqrokimyəvi analizlərin rolu, düzgün toxum seçimi və sertifikatlaşdırılmış toxumlardan istifadənin üstünlükləri barədə məlumat veriblər.
Tədbirdə toxum istehsalçıları, eləcə də toxum istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər. Onlar öz məhsullarını sərgiləyib, müxtəlif növ toxum nümunələrini nümayiş etdiriblər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Təşkil olunan maarifləndirici sessiyalarda mütəxəssislər fermerlərə bölgənin aqroiqlim və torpaq xüsusiyyətlərinə uyğun toxum sortlarından istifadə etməyi tövsiyə ediblər.
Təqdim olunan toxum sortları yüksək məhsuldarlığı və bölgənin torpaq-iqlim şəraitinə uyğunluğu baxımından seçilir və fermerlər bu toxum sortlarından istifadə etməklə daha dayanıqlı və səmərəli nəticələr əldə edə bilərlər.
Daha sonra tədbir iştirakçıları stendlərə baxaraq Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası çərçivəsində təqdim edilən məhsullarla tanış olublar.
Aqrar Biznes Festivalının sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar və ağıllı təsərrüfat sistemləri nümayiş etdirilib.







