Oğuzda "2 İyul – Azərbaycan Polisi Günü" münasibətilə tədbir keçirilib
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Polisi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışan Cavid Əbdul-Qədirov Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, Respublikamızın hər yerində olduğu kimi, Oğuzda da ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində rayon polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib.
Sonda Oğuz Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün komandiri, polis mayoru Seyidov Nicat Nəcəf oğluna, İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis baş leytenantı Cavadzadə Şükran Elxan oğluna, Kadr-peşə hazırlığı üzrə baş inspektor, polis kapitanı Salahov Orxan Eyvaz oğluna Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etdiyi müddətdə nümayiş etdirdiyi yüksək peşəkarlığa, xidmətdə fərqləndiyinə görə və “2 iyul Azərbaycan Polisi Günü” münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.