Oğuzda 15 may - Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib
Oğuz rayonunda 15 may 2026-cı il tarixində Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbir Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və kənd ağsaqqalları ilə yanaşı, nümunəvi ailələr də iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ailə dəyərlərinin təbliği, sağlam ailə münasibətlərinin formalaşdırılması, gənclərin ailə institutunun əhəmiyyəti barədə maarifləndirilməsi və cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinin diqqətə çatdırılması olub.
Görüş zamanı mövzu ətrafında çıxışlar edilib. Natiqlər tərəfindən bildirilib ki, ailə cəmiyyətin əsasını təşkil edir və sağlam ailə mühiti gələcək nəslin düzgün formalaşmasında mühüm rol oynayır. Eyni zamanda ailə dəyərlərinin qorunmasının, valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinin və qarşılıqlı hörmətin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində şagirdlərin hazırladıqları şeir kompozisiyaları, ailə mövzusuna həsr olunmuş bədii hissə və musiqi nömrələri maraqla qarşılanıb.
Tədbirin sonunda bu cür maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.







