“Oğuz xəbərləri” qəzeti yenidən nəşrə başladı
2025-ci ilin oktyabr ayından etibarən yenilənmiş formatda və yeni adla “Oğuz xəbərləri” fəaliyyətini bərpa edib. Nəşr ayda bir dəfə, 8 səhifə həcmində çap olunaraq oxuculara təqdim ediləcək.
Qəzetin əsas məqsədi Oğuz rayonunda baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni və təhsil sahələrinə dair yenilikləri işıqlandırmaq, rayonun inkişafı istiqamətində həyata keçirilən tədbirləri, layihələri və uğurları ictimaiyyətə çatdırmaqdır.
“Oğuz xəbərləri” qəzeti həm ənənəvi mətbuat dəyərlərini qoruyaraq, həm də müasir informasiya tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək. Nəşr Oğuz rayonunun həyatında baş verən hadisələri operativ və obyektiv şəkildə təqdim etməklə yanaşı, rayon sakinlərinin təşəbbüslərini, uğurlarını və bölgənin sosial-mədəni inkişafını əks etdirməyi qarşısına məqsəd qoyub.
Qəzetin yenidən fəaliyyətə başlamasına göstərdiyi dəstəyə görə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirova redaksiya kollektivi adından dərin minnətdarlıq ifadə olunub.
Qəzetin redaktoru Nazim Hüseynli bildirib ki, “Oğuz xəbərləri” qəzeti yenilənmiş formatda bölgənin səsini daha geniş auditoriyaya çatdırmağa xidmət edəcək:
“Yeni ad və formatla fəaliyyətə başlamağımızın əsas məqsədi Oğuz rayonunda baş verən yenilikləri, insanların əməyini və rayonun inkişafını əks etdirməkdir. İnanırıq ki, ‘Oğuz xəbərləri’ oxucularla səmimi və davamlı əlaqə yaradacaq.”
Oğuz Rayon İcra Hakimiyyəti redaksiyaya gələcək fəaliyyətində uğurlar arzulayır və rayon mətbuatının inkişafı istiqamətində bundan sonra da dəstəyini davam etdirəcəyini bildirir.







