Oğuz rayonunda “Səyyar gənclər xidməti” layihəsinin rəsmi açılış mərasimi keçirilib
Regionlarda yaşayan gənclərin fərdi və peşəkar inkişafına dəstək göstərmək, onların asudə vaxtını səmərəli təşkil etmək və dövlət gənclər siyasətinin icrasını daha əlçatan etmək məqsədilə həyata keçirilən “Səyyar gənclər xidməti” layihəsinin növbəti mərhələsinə Oğuz rayonunda rəsmi start verilib.
Layihənin təntənəli açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, aidiyyəti qurumların və gənclər təşkilatlarının nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən, regionlarda gənclərin inkişafına yönəlmiş layihələrin əhəmiyyətindən və bu təşəbbüslərin onların bilik və bacarıqlarının artırılmasına verdiyi töhfədən danışıblar. Bildirilib ki, “Səyyar gənclər xidməti” layihəsi gənclərin sosial fəallığının yüksəldilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması, könüllülük fəaliyyətinin təşviqi və yeni imkanlardan yararlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, layihə çərçivəsində Oğuz rayonunda müxtəlif təlimlər, maarifləndirici görüşlər, intellektual və sosial yönümlü fəaliyyətlər təşkil olunacaq. Bu təşəbbüs region gənclərinin potensialının üzə çıxarılmasına, onların şəxsi və peşəkar inkişafına əlavə töhfə verməyi hədəfləyir.







