Oğuz rayonunda Novruz şənliyi keçirilib
Martın 18-də Oğuz rayonunda ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Cavid Əbdul-Qədirov, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.
Şənlik başlamamışdan öncə şəhid övladı İsmayılov İbrahim Vüsal oğlu bayram tonqalı yandırıb. Mədəniyyət işçilərinin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.