Oğuz rayonunda “Narkomaniyaya yox de” mövzusunda tədbir keçirilib
29 sentyabr 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox de” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər tərəfindən şagirdlərə və iştirakçılara narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib, gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi vurğulanıb. Bildirilib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın, xüsusilə də gənc nəslin sağlam gələcəyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxışlar zamanı sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmağın və maarifləndirici tədbirlərin gənclərin inkişafındakı rolu diqqətə çatdırılıb. İştirakçılara narkomaniyanın fəsadları və narkotik vasitələrdən istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar narkomaniyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd edərək bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar.







