Oğuz Rayon İcra Hakimiyyətində 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri, Gənclər və İdman sektorunun əməkdaşları, eləcə də rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən gənclər iştirak ediblər.
Yığıncada çıxış edən natiqlər gəncləri Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik edərək, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycan gəncliyi həm vətənpərvərliyi, həm də intellektual potensialı ilə ölkəmizin inkişafında müstəsna rola malikdir.
Tədbir ərzində gənclərin cəmiyyətdəki yeri, onların yaradıcı və sosial təşəbbüslərinin dəstəklənməsi, rayonun ictimai həyatında daha yaxından iştirakı mövzusunda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Sonda müxtəlif layihə və tədbirlərdə fərqlənən bir qrup fəal gənc Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz rayon təşkilatı, Gənclər və İdman sektoru tərəfindən "Fəxri Fərman" və "Təşəkkürnamə"lərlə mükafatlandırılıblar.
Azərbaycanın işıqlı gələcəyi olan bütün gənclərimizi bir daha təbrik edir, onlara təhsillərində, gələcək fəaliyyətlərində və bütün təşəbbüslərində yeni-yeni uğurlar arzulayırıq!







