“mygov” platforması ilə bağlı Yaqublu kəndində maarifləndirici təlim keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Yaqublu inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri üçün Yaqublu kənd tam orta məktəbin akt zalında vətəndaşların iştirakı ilə “mygov” rəqəmsal platforması ilə bağlı maarifləndirici təlim keçirilib.
Təlimdə “mygov” platformasının imkanları, üstünlükləri və dövlət xidmətlərindən rəqəmsal formada istifadənin əhəmiyyəti barədə məlumat verilib.Təlim zamanı bildirilib ki, cari ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planına əsasən, 2028-ci ilin sonunadək dövlət xidmətlərinin 80 faizinin rəqəmsallaşdırılması əsas hədəflərdən biridir.
Qeyd olunub ki, hazırda dövlət xidmətlərinin rəqəmsallaşdırılması və müvafiq xidmətlərin “mygov” vahid rəqəmsal platformasına inteqrasiyası istiqamətində ardıcıl işlər həyata keçirilir.
Təlim iştirakçılarına “mygov” platformasının vətəndaşlara dövlət xidmətlərindən vahid rəqəmsal mühitdə, məsafədən, daha sürətli və rahat şəkildə istifadə etmək imkanı yaratdığı bildirilib. Platforma vasitəsilə müxtəlif elektron xidmətlərdən yararlanmaq, məlumat və sənədlərə rəqəmsal formada çıxış əldə etmək mümkündür.
Vurğulanıb ki, rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi vətəndaşların vaxtına qənaət etməklə yanaşı, dövlət xidmətlərinin daha çevik, əlçatan və şəffaf şəkildə göstərilməsinə, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Təlim çərçivəsində “mygov” platformasının funksiyaları və ondan istifadə imkanları barədə iştirakçılara ətraflı məlumat verilib, platformanın əhali arasında geniş şəkildə təbliğinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







