Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib
22 iyul 2026-cı il tarixində Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında Oğuz Rayon Mərkəzi Kitabxanası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Gününə həsr olunmuş "Milli mətbuat – keçmişdən gələcəyə" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri Vüsal Oğuz, "Oğuz xəbərləri" qəzetinin baş redaktoru Nazim Hüseynli, qəzetin keçmiş əməkdaşları, rayonun şair və yazarları, mədəni-maarif müəssisələrinin əməkdaşları və bir qrup gənc iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova bildirib ki, Azərbaycan milli mətbuatı xalqın maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. O qeyd edib ki, bu gün də milli mətbuat dövlətçilik ideyalarının təbliği, milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm missiya yerinə yetirir. Çıxışının sonunda Aliyə Osmanova Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edənlər Milli Mətbuat Gününün tarixi əhəmiyyətindən, Azərbaycan jurnalistikasının keçdiyi inkişaf yolundan və müasir dövrdə medianın qarşısında duran vəzifələrdən bəhs ediblər. Bildirilib ki, müasir Azərbaycan mediası yeni texnologiyaların imkanlarından səmərəli istifadə edərək ölkənin nailiyyətlərini beynəlxalq ictimaiyyətə çatdırır və informasiya məkanında öz mövqeyini daha da gücləndirir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, milli mətbuatın cəmiyyətin inkişafındakı rolu və maarifləndirici əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, dəyirmi masanın əsas məqsədi Azərbaycan milli mətbuatının yaranma tarixi, keçdiyi inkişaf yolu və cəmiyyətin maariflənməsində oynadığı mühüm rol haqqında iştirakçıları məlumatlandırmaq, həmçinin milli mətbuat ənənələrinin təbliğinə töhfə vermək olub.







