Ərmənət kəndində səyyar vətəndaş qəbulu keçirilib
24 iyun 2026-cı il tarixdə ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həllinin təmin edilməsi məqsədilə Ərmənət kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
RİH başçısı Cavid Əbdul-Qədirov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də rayonumuzda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzinin” sakinlərimizin xidmətində mövcud olduğunu xatırladıb.
Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Qəbuldan sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də proqramın icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində fermer və sahibkarların Dövlət Proqramı ilə bağlı təklifləri dinlənilib, Ərmənət kəndinin aqrar sektor üzrə inkişaf perspektivləri, mövcud potensialı və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, proqramın yerli səviyyədə səmərəli icrasının təmin olunması üçün həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb.
Kənd sakinləri görülmüş işlərə və sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.







