Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Energetika işçilərinin peşə bayramı qeyd olunub

20 oktyabr 2026 | 12:08

20 oktyabr – Energetika işçilərinin peşə bayramı günü münasibətilə Oğuz rayonunda tədbir keçirilib.

2026-cı il oktyabrın 20-də Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Oğuz Elektrik Şəbəkəsinin rəisi Əlağa Bədəlov və rayonun energetika sahəsində çalışan əməkdaşlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə tər çiçəklər düzüblər.

Daha sonra tədbir Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov energetika sahəsinin Azərbaycanın iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edilib ki, ölkəmizdə elektrik enerjisi təchizatının etibarlılığının artırılması, enerji infrastrukturunun yenilənməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bildirilib ki, energetika sahəsində çalışan əməkdaşlar üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək ölkənin davamlı inkişafına mühüm töhfələr verirlər. Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında, mövcud infrastrukturun qorunub saxlanılmasında və təkmilləşdirilməsində energetiklərin xidmətləri xüsusi əhəmiyyət daşıyır.

Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov energetika sahəsində çalışan əməkdaşların bundan sonra da öz fəaliyyətlərini yüksək məsuliyyətlə davam etdirəcəklərinə əminliyini ifadə edib. O, ölkəmizdə və rayonda energetika sahəsində çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Oğuz Elektrik Şəbəkəsinin rəisi Əlağa Bədəlov göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib. O, energetika sahəsində çalışan əməkdaşların bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini, əhalinin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün səylərini davam etdirəcəklərini qeyd edib.

Tədbirin sonunda Oğuz Elektrik Şəbəkəsinin bir sıra əməkdaşına Oğuz Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları və təşəkkürnamələri təqdim olunub.

Tədbirdən sonra “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Oğuz Elektrik Şəbəkəsinin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçirilib.

Keçidlər