Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafında Oğuz qardaşlaşmış Nova Qoritsa ilə növbəti uğuru
2 noyabr 2026-cı il tarixində Nizami Kino Mərkəzində əfsanəvi Azərbaycan partizanı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə – xalqımızın qəhrəmanlıq rəmzinə çevrilmiş “Mixaylo”ya həsr olunan “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.
“RTV Slovenija” tərəfindən istehsal olunan sənədli film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş Mehdi Hüseynzadənin şərəfli döyüş yolunu, qəhrəmanlığını və iki xalqın ortaq tarixi yaddaşındakı yerini əks etdirir.
Qeyd edək ki, filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, eləcə də Oğuz və İsmayıllı rayonlarında aparılıb. Ekran əsərinin Oğuz rayonunda çəkilməsi rayonumuzun da bu əlamətdar layihədə özünəməxsus yer tutduğunu göstərir.
Azərbaycan ilə Sloveniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında şəhərlərarası əlaqələr də mühüm əhəmiyyət daşıyır. Oğuz rayonunun qardaşlaşmış şəhəri olan Nova Qoritsa Sloveniyanın qərbində yerləşir. Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin məhz Sloveniya torpaqları ilə bağlı olması bu əlaqələrə xüsusi tarixi və mənəvi məna verir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətini İnzibati işlər sektorunun aparıcı məsləhətçisi Baxışova Mətanət Söhrab qızı təmsil edib.
Filmin ərsəyə gəlməsində əməyi olan bütün qurumlara və yaradıcı heyətə təşəkkürümüzü bildirir, Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən bu layihəni yüksək qiymətləndiririk.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov tədbirə dəvətə və rayonumuzun bu əlamətdar layihədə təmsil olunmasına göstərilən diqqətə görə təşkilatçılara təşəkkürünü bildirir.







