Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

09 noyabr 2026 | 12:25

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Oğuz rayon Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, məktəblilər, idarə və müəssisələrin kollektivləri iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli şəkildə gətirilməsi ilə başlanılıb.

Daha sonra giriş sözü ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova Dövlət Bayrağı Gününün xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və müstəqilliyə bağlılığını təcəssüm etdirən əlamətdar gün olduğunu bildirib. Qeyd edib ki, üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, milli birliyinin və azadlıq mübarizəsinin müqəddəs rəmzidir.

Çıxışda vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində dalğalanır, beynəlxalq tədbirlərdə və idman yarışlarında qürurla yüksəldilir. Üçrəngli bayrağımız xalqımızın zəngin və keşməkeşli tarixini, şəhidlərimizin qəhrəmanlığını, eləcə də müstəqil dövlət qurmaq əzmini özündə ehtiva edir.

Tədbir iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağına, milli dövlətçilik rəmzimiz olan üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanacağına əminliklərini ifadə ediblər.

Rəsmi hissədən sonra məktəblilərin ifasında Vətənə və dövlətçilik dəyərlərinə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub. Bədii hissə iştirakçılara xoş və qürurverici anlar yaşadıb.

Sonda Oğuz ictimaiyyəti 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim uca zirvələrdə dalğalanmasını arzulayıb.

Keçidlər