8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş konsert keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin qarşısında 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bayram konserti təşkil olunub.
Tədbirdə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbə, şəhidlərimizin əziz xatirəsi və qəhrəman qazilərimizin şücaəti dərin ehtiramla yad edilib.
Konsertdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, müharibə iştirakçıları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər, Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov və şəhid Tural Məmmədovun atası Arif Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən ətraflı bəhs ediblər. Həmçinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb.
Konsert proqramında sənətçilərin və yerli mədəniyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və musiqi kompozisiyaları səsləndirilib. Tədbirin bədii hissəsində məktəblilərin və Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Vətənə, qəhrəmanlığa və Zəfər tarixinə həsr olunmuş musiqi nömrələri, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Vətənpərvərlik ruhunda hazırlanan konsert proqramı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş edib.
Tədbir 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətinin bir daha diqqətə çatdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, milli birlik, həmrəylik və vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.







