Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

02 oktyabr 2026 | 17:34

Oğuz rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Oğuz rayonu Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin, uşaq bağçalarının və məktəbdənkənar müəssisələrin rəhbərləri, həmçinin müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir Oğuz şəhərində yerləşən Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseyin akt zalında davam etdirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Çıxışında ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə hər zaman yüksək qiymət verməsindən, Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan bəhs edib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və dəstək vurğulanıb.

Tədbirdə çıxış edən digər natiqlər də müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıblar.

Sonda təhsil sahəsində fərqlənən bir qrup müəllim Oğuz Rayon İcra Hakimiyyətinin, rayon üzrə Təhsil Sektorunun və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin Fəxri Fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.

Keçidlər