Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən sevgisi ilə yazılan tarix” adlı tədbir keçirilib

25 sentyabr 2026 | 15:14

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinə ehtiram olaraq Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən sevgisi ilə yazılan tarix” adlı tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri və hüquq-mühafizə orqanlarının rəhbərləri Qumlaq kənd məzarlığında şəhidlər Rəhimov İntizam Əhməd oğlunun, Abdullayev Araz Həsən oğlunun, Hacıyev Əziz Hidayət oğlunun və Xasməmmədov Cabir Ağalar oğlunun məzarlarını ziyarət ediblər.

Daha sonra tədbir Qumlaq kəndində yerləşən AURA sarayda davam etdirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi, eləcə də rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün ərzində Zəfərlə başa çatıb və işğal altında olan torpaqlarımız azad edilib.

Bildirilib ki, Vətəni canı bahasına qoruyaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Azərbaycan xalqının qürur və fəxri kimi daim qəlblərdə yaşayacaq, onların əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.

Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin əməkdaşı Fərid Hacıyev və Qumlaq İƏD üzrə nümayəndə Qamət Nəbiyev çıxış ediblər. Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və əzmkarlıqdan, Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaətindən və onların döyüş yolundan söz açılıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub.

Şəhid ailələri adından şəhid Beydiyev Royalın anası Səxavət xanım, şəhid Tural Məmmədovun atası Arif Məmmədov və şəhid Cuməzadə Təbrizin atası İldırım Əbdürrəhimov çıxış ediblər.

Çıxış edən şəhid ailələri qəhrəman döyüşçülərimizin və qazilərimizin göstərdiyi şücaətlərdən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən danışıblar. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Qumlaq kənd tam orta məktəbinin şagirdləri tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.

Keçidlər