26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Oğuz rayonunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Ordusunun inkişaf yoluna və ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərə həsr edilmiş videoçarx nümayiş olunub.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova və digər çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə peşəkar, nizam-intizamlı və güclü Silahlı Qüvvələr formalaşdırılıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Vurğulanıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi uğurla davam etdirilir. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunmuş, yüksək döyüş qabiliyyətinə malik qüdrətli hərbi qüvvəyə çevrilib.
Çıxışlarda 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs olunub, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimizin göstərdikləri şücaət nəticəsində torpaqlarımızın işğaldan azad edildiyi qeyd edilib. Ordumuzun əldə etdiyi uğurların hər bir vətəndaşda qürur və fəxarət hissi yaratdığı diqqətə çatdırılıb.
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin əməkdaşına və rayonun ümumtəhsil müəssisəsində fəaliyyət göstərən hərbi rəhbər müəlliminə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.
Tədbir iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olduğunu vurğulayaraq, bütün hərbi qulluqçuları peşə bayramı münasibətilə təbrik ediblər.







